BAKI, 4 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib. Paşinyan bildirib ki, Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir, amma missiyanın fəaliyyətini tənzimləyən sazişi gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşma var.
Bəs Aİ ilə mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanması nəyə hesablanıb?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Politoloqun sözlərinə görə, bölgədəki vəziyyətlə bağlı problemlərin çərçivəsi, mahiyyəti və məzmunu bəllidir və onlarla bağlı Ermənistan özünün tutarlı cavab gedişlərini ortaya qoya bilmir:
"Bu vəziyyətdə Ermənistan faktiki olaraq öz subyektliyi ilə vidalaşıb. Belə olan təqdirdə Fransa Prezidenti Emmanuel Makron və digər Avropa siyasətçiləri çıxış yolunu Ermənistana özünəməxsus tərzdə dəstək verməkdə gördülər. Avropalı siyasətçilər bu siyasətlə Ermənistana dayaq olmağa çalışır.
Ancaq çox təəssüf ki, Ermənistan avropalıların dəstəyinin gerçək məramını anlamır. Fransanın və Almaniyanın Ermənistana dəstəyinin qayəsi bu ölkəni dərin böhrandan çıxarmaq deyil, onlar öz maraqlarını təmin edirlər.
Yəni, hər hansı bir şəraitdə iki fövqəldövlətə qarşı lazım gələrsə, ya hücum taktikasını həyata keçirsinlər, ya da sadəcə oradan istifadə edərək kəşfiyyat işlərini gücləndirsinlər".
Politoloq qeyd edib ki, Ermənistan bu gedişlərlə heç vaxt özü üçün nicat yolu tapa bilməyəcək:
Əlbəttə, prosesləri düzgün qimətləndirə bilməyənlər Ermənistana mənəvi dəstək verə, onu sazişi imzalamaqdan çəkindirə bilərlər. İndi Ermənistan Baş naziri bu gedişlə öz taleyini avropalı siyasətçilərin öhdəsinə buraxıb. Buna görə də, indi onlar nə deyirsə hə deyir və çalışır onlara yarınsın. Amma sual olunmalı məqam odur ki, bu sazişi imzalamaqla Ermənistan nəyə nail olacaq? Paşinyan və komandası ümid edirlər ki, bu sazişlə rahat bir nəfəs alacaqlar. Onlar xəyal aləmində yaşayırlar və düşünürlər ki, bu sazişi imzalamaqla işıqlı yol tapacaqlar. Ancaq belə bir şeyə ehtimal və imkan yoxdur.
"Bu faktiki olaraq Nikol Paşinyanın özü üçün çıxış yolu kimi təqdim edilə bilər. Paşinyan avropalıların dəstəyini öz siyasi gücü kimi təqdim edə bilər. Bu çox rahat yoldur. Çünki ixtiyarını başqasının öhəsinə buraxırsan və resurs xərcləmədən nəyəsə nail olmağa çalışırsan. Əslində bu səhv yanaşma gündən-günə ağırlaşan Ermənistan siyasi vəziyyətini daha da qəlizləşdirəcək və gələcəkdə bu vəziyytətdən çıxmaq da çətinləşəcək", - deyə Tofiq Abbasov fikirlərini yekunlaşdırıb.