BAKI, 4 mart - Sputnik. Milli Məclisin nümayəndə heyəti martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaq. Milli Məclisdən verilən xəbərə görə, nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev daxildir.
Nümayəndə heyəti Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün qonşu ölkəyə yollanacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.