BAKI, 4 mart - Sputnik. Şimal-Cənub dəhlizinin inkişafında Azərbaycan və Rusiya ilə yanaşı Belarus da daha fəal iştirak etməlidir. BelTa agentliyi xəbər verir ki, bunu Belarusun iqtisadiyyat naziri Aleksandr Çervyakov deyib.
"Belarus Şərqə dönüş konsepsiyası çərçivəsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin marşrutlarından istifadə etməyi perspektivli hesab edir", - deyə iqtisadiyyat naziri bildirib.
Onun sözlərinə görə, hazırda Belarus xarici ticarətdə Şərqə dönüş konsepsiyasını həyata keçirir.
"Burada əsas vəzifə optimal logistik marşrutların qurulmasıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin marşrutlarından istifadə etmək perspektivlidir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Belarus Azərbaycan, Rusiya, İran və Qazaxıstanla birlikdə bu sahənin inkişafı üçün fəal işə qoşulmalıdır.
Nazirlik rəhbəri həmçinin Çin və MDB ilə azad ticarət və investisiyalar üzrə danışıqların tez bir zamanda başa çatdırılmasının vacibliyini qeyd edib.
“Qarşıda duran vəzifə bu il beynəlxalq müqavilələrin imzalanmasına nail olmaqdır. Bundan əlavə, Türkiyə ilə işi yekunlaşdırmaq, BƏƏ ilə yeni yolda mümkün qədər tez hərəkət etmək və İranla da analoji saziş bağlamaq imkanlarını araşdırmaq lazımdır”, - deyə Çervyəkov izah edib.
O həmçinin Belarus mallarının Çinə ixracını 2,2 milyard dollara çatdırmaq planlarını da açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.