BAKI, 2 mart — Sputnik. Prezident İlham Əliyev Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossinin diqqətinə çatdırıb.
Bunu dövlət başçısı martın 2-də Rafael Mariano Qrossini qəbul edən zaman bildirib.
Belə ki, Prezident nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.
Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir.
Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.