BAKI, 2 mart - Sputnik. MAQATE-nin rəhbəri Rafael Qrossi Tehrana səfər edəcək və şənbə günü Vyanaya qayıdacaq. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.
“Baş direktor Rafael Qrossi yüksək səviyyəli görüşlər üçün İrana gedəcək, şənbə günü, martın 4-də isə Vyanaya qayıdacaq və günortadan sonra mətbuat konfransı keçirəcək”, - MAQATE-nin Twitter hesabında bildirilib.
Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Qrossinin yaxın iki gün ərzində İrana səfər edəcəyini bildirmişdi.
2022-ci ilin dekabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın Nüvə Proqramı üzrə Birgə Fəaliyyət Planının (JCPOA) bərpası üzrə dialoqun canlanmasına ümidin olduğunu bildirmişdi.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Bakıda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.
İlham Əliyev Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossinin diqqətinə çatdırıb.
Belə ki, Prezident nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.
Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.