DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan tezliklə Aİ-nin mülki missiyasının fəaliyyətini tənzimləyən saziş imzalayacaq

Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir.
Sputnik
BAKI, 2 mart - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.
Bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.
"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, onun fəaliyyətini tənzimləyən saziş gələcəkdə müzakirə olunmalı və imzalanmalıdır", - Paşinyan bildirib.
Vaxta gəlincə, baş nazir qeyd edib ki, hər şey artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında razılığın nə vaxt əldə olunmasından asılıdır.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Aİ missiyası mülki elan edilsə də, onun tərkibindəki 50 nəfər silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.