MƏDƏNİYYƏT

Mədəniyyət nazirinin müavini kim oldu?

Mədəniyyət nazirliyində kadr islahatları davam edir. Belə ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
Sputnik
BAKI, 1 mart — Sputnik. Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Səadət Yusifova kimdir?
1974-cü ildə anadan olan Səadət Yusifova buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdir, daha sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir olub. Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
O həmçinin 1998-ci ildə "Hər gün" qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.
S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.