"Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır. Bu da anbarlarda ehtiyatların toplanması ilə bağlıdır. Elə ərazilər var idi ki, biz oranı 14 saat su ilə təmin edirdik, amma indi 8-10 saat təmin edə bilirik. Ən çox da tənzimləmə qrafiki Bakıətrafı ərazilərdə, daha çox həyət evlərində vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur", - deyə Anar Cəbrayıllı vurğulayıb.
"İclasdan sonra müvafiq təhlil və araşdırmalar aparılıb. Qərar verilib ki, su itkiləri olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik edilsin. Biz bu qrafiki yay aylarında tətbiq edirdik. Amma qərar verilib ki, dəyişiklik fevral ayından olsun. Bakıətrafı bəzi ərazilərdə mərkəzləşmiş şəbəkə yoxdur. Belə ərazilərdə primitiv şəbəkə qurulub. Bu da daha çox su itkisinə səbəb olur. Yaxud mərkəzləşmiş şəbəkəsi olan, amma kanalizasiya sistemi qurulmayan yerlərdə də su itkisi var. Ona görə də belə ərazilərdə suyun verilməsində tənzimləmə olacaq".