BAKI, 28 fevral — Sputnik. Kifayət qədər çətin bir tarixi dövrdə Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü plenar iclasında deyib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan Ekspert Şurası qısa müddət ərzində iki ölkənin ekspertləri arasında daimi əməkdaşlıq formatına çevrilib.
"Burada iki komponentə diqqət yetirməyə dəyər. Bir tərəfdən, bu, daimi fikir mübadiləsidir. İki ölkənin ekspert icmalarının yaxşı ideyalarla tanış olmaq, o cümlədən əhval-ruhiyyəni başa düşmək və qiymətləndirmək üçün yaxşı platformadır. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin dinamikası, strateji tərəfdaşlıq dialoqunun fəallığı və yüksək səviyyəsi ekspert qiymətləndirmələrində istifadə oluna biləcək zəngin mənbədir", - deyə Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, çətin tarixi dövrdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ikitərəfli əməkdaşlığın uzun illər ardıcıl qurulmasının nəticəsidir.
"Prezident İlham Əliyevin xarici siyasət strategiyasının özəlliyi dəyişən geosiyasi vəziyyəti deyil, ölkənin öz milli maraqlarına əsaslanan suveren siyasət yeritməkdə prinsipial mövqeyini rəhbər tutan strateji tərəfdaşlarla münasibətlərin qurulmasıdır", - Ceyhun Bayramov bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın suveren siyasəti onu beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası üçün dəyərli tərəfdaşa çevirir.