CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir 8 Marta görə məktəblərdə pulu kimin yığdığını açıqladı

Emin Əmrullayev bildirib ki, valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər.
Sputnik
BAKI, 27 fevral — Sputnik. "Məktəblərdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə pul yığılması ilə bağlı Elm və Təhsil Nazirliyinə hər hansı şikayət olarsa, bu faktlar araşdırılacaq. Amma məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək".
Bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
E.Əmrullayev qeyd edib ki, 8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür: "Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır. Müəllimlərə çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun deyil. Çox təəssüf ki, bəzi hallarda bunun təşəbbüskarı valideynlər olur. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik".
Nazir bildirib ki, valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. Onun sözlərinə görə, buna görə valideynlər utanmamalıdırlar.
"Müəllimləri 8 Martda təbrik etmək olar. Biz də öz müəllimlərimizi təbrik etmişik. Amma müəllimlərə bunun üçün yüksək məbləğdə pul yığıb vermək, bahalı hədiyyə almağa ehtiyac yoxdur. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, onlar da sevinər. Bu, kiçik bir açıqca ola bilər", - deyə nazir bildirib.