BAKI, 27 fevral — Sputnik. Qərb dövlətləri çoxdankı rəqibini - Rusiyanı aradan qaldırmaq üçün onu bacardıqları qədər uçuruma itələyirdilər. Tərəfdaşlıq haqqında bütün söhbətlər isə yalnız diqqəti yayındırmaq üçün idi.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, Qərb yalnız öz maraqlarını necə təmin etmək barədə düşünüb.
"Bərabər tərəfdaşlıq haqqında bütün söhbətlər sadəcə diqqəti yayındırmaqdan ötrü idi. Və onlar, sadəcə, bizim əbədi düşmənlərimizin azğın planlarını ört-basdır edən mənasız düsturlar olub", - deyə Medvedev "İzvestiya" qəzetinə yazdığı məqalədə qeyd edib.
O bildirib ki, Qərb ölkələri SSRİ-nin dağılmasına və onun nəticələrinə "yuxarıdan baxırdılar". Medvedevin fikrincə, yeni Rusiyada hakimiyyəti ələ keçirən siyasətçilər yaranmış təhlükənin öhdəsindən gələ bilmədilər.
Eyni zamanda o, Rusiyanın mərhələ-mərhələ ən çətin dövrlərdən keçdiyini vurğulayıb. Belə ki, Rusiya Federasiyası beynəlxalq səviyyədə özü ilə hesablaşmağa məcbur edib, xarici borcunu ödəyib, iqtisadiyyatı və sosial sahəni bərpa etməyə başlayıb.
Bundan əlavə, Medvedev xatırladıb ki, Rusiya bir dövlət olaraq, öz silahlı qüvvələrinə hörməti geri qaytarıb, nüvə dayandırma siyasəti aparıb və təxribatlara yol verməyib.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb dövlətləri Rusiyanı zəiflətmək ümidi ilə Ukraynanın aqoniyasını süni şəkildə uzadır. Bundan əlavə, o, Rusiya Federasiyasının öz silahlarının istehsalını artırdığını və düşmənin silah istehsalını öyrəndiyini bildirib.