TƏHSİL

Azərbaycanda qəzalı məktəblərin sayı açıqlandı

Emin Əmrullayev bildirib ki, ilk növbədə ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır.
Sputnik
BAKI, 27 fevral — Sputnik. Azərbaycanda 800-dən çox məktəb qəzalıdır. Sputik Azərbaycan-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, bu qədər məktəbi eyni vaxtda təmir etmək mümkün deyil. Onun sözlərinə görə, bu iş mərhələli şəkildə aparılır:"Azərbaycanda hər 4 məktəbdən biri təmirlidir. Bu da müsbət haldır".
Nazir əlavə edib ki, ilk növbədə ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır.
"Elə məktəblər var ki, həqiqətən də ürəkaçan deyil. Amma eyni zamanda bunu gündə düzəltmək mümkün deyil, yavaş-yavaş düzəldilir. 4 məktəbdən 3-ü təmirlidir və yaxşı vəziyyətdədir, bu, təhsil tariximizdə ən yaxşı vəziyyətdir. İl ərzində təxminən 100 məktəb təmir olunur. Hər rayonda il ərzində təxminən 1 və ya 2 məktəbi düzəltməyə çalışırıq. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən də məktəblər təmir edilir. Birinci olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblər təmir edilir", - deyə Emin Əmrullayev bildirib.