İDMAN

İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət ediləcək

F.Abdulla yığmanın istənilən səfər qarşılaşmasından əvvəl matçın keçiriləcəyi ölkədəki səfirliyə və ehtiyac yarandığı təqdirdə beynəlxalq quruma, həmçinin yerli futbol federasiyasına məktubla müraciət etdiklərini diqqətə çatdırıb.
Sputnik
BAKI, 24 fevral — Sputnik. AFFA milli komandanın səfərdə İsveç yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununda mümkün erməni təxribatı ilə bağlı UEFA-ya və yerli federasiyaya müraciət edəcək.
Bu barədə milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında bildirib.
O, yığmanın istənilən səfər qarşılaşmasından əvvəl matçın keçiriləcəyi ölkədəki səfirliyə və ehtiyac yarandığı təqdirdə beynəlxalq quruma, həmçinin yerli futbol federasiyasına məktubla müraciət etdiklərini diqqətə çatdırıb: "Belə informasiya çıxıbsa, təbii ki, UEFA-ya və İsveç Futbol Federasiyasına bununla bağlı müraciət olunacaq".
Xatırladaq ki, İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar.
Bu barədə İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.
Diaspor rəhbəri qeyd edib ki, bununla bağlı hazırda İsveçin hüquq-mühafizə orqanlarında işləyən, eyni zamanda Konqresin üzvləri olan dostları xəbərdarlıq ediblər: "Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək, orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyasını hədəf alan şüarlar da var. Həmçinin sosial şəbəkələrdə də yazırlar ki, ermənilər oyun üçün 100 bilet alıb İsveç və "Artsax" bayraqları ilə stadiona gəlmək, üzərində "Laçın yolu açılsın" yazılmış banner açmaq istəyirlər".
Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq (Report).