CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzov: Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir

Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır.
Sputnik
BAKI, 24 fevral-Sputnik. "Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə"nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: "Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaqr".
O əlavə edib ki, bələdiyyələrin iclaslarının onlayn formada keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul etməliyik. Bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formada edə bilmələri üçün bu addımı atmalıyıq.
"Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiq edilib. Qərara görə, yerli icra hakimiyyəti orqanları bu Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 ay müddətində təhvil verilməsini təmin etməlidirlər.
Qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazidir.