BAKI, 23 fevral — Sputnik. Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır. Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətə yol verməsin.
"Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayırıq. Qeyd etdiyim kimi, Bakı ilə İrəvan arasında nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır. Mən nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, ictimai xadimlər və ekspertlər arasında təmaslar vasitəsilə etimadın yaradılması, sülh müqaviləsinin hazırlanması istiqamətində görülən tədbirləri nəzərdə tuturam. Əsas odur ki, davamlı vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verilməsin, əməkdaşlığa nail olunsun", - deyə o, bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib ki, Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək. Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.