BAKI, 22 fevral — Sputnik. Rusiya "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir.
Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Biz, həmçinin, Avropanın enerji təhlükəsizliyinə zərbə vuran "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan izahat gözləyirik", - deyə Qavrilov bəyan edib.
O, amerikalı jurnalist Seymur Herşin əvvəllər dərc edilmiş araşdırmasına istinad edib ki, bu da "ABŞ hərbçiləri və onların norveçli şəriklərinin sözügedən qaz kəmərlərinin üç qoluna hücum etdiyinə dəlalət edir".
"Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması 2022-ci il sentyabrın 26-da Baltik dənizində törədilmiş cinayətlə bağlı təcili beynəlxalq araşdırma aparılması təklifi ilə BMT-yə müraciət qəbul edib. Sizi obyektivliyə mane olmamağa çağırırıq. Məsul şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır", - deyə Qavrilov əlavə edib.