BAKI, 21 fevral — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edəcəyinə söz verib.
"RİA Novosti" bu barədə xəbər verib.
O bildirib ki, "elə həmin gecə" görüşü keçirmək üçün Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng edəcək.
"Qələbəm məlum olan kimi, sözün əsl mənasında, həmin gecə iki nəfərə zəng edəcəyəm: Putinə və Zelenskiyə. Onlara deyəcəyəm: "Görüşməliyik". Bu məsələni həll edə biləcəyimə zəmanət verirəm ... 24 saat ərzində müqavilə bağlayacağıq", – deyə Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçılıq və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib. Alyans isə Moskvanın etirazlarına baxmayaraq durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.