BAKI, 18 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələ zamanı azərbaycanlı tələbələrin tətil müddətində o ölkədə qalmasının əsas səbəbi kimi təyyarə biletlərinin baha olması göstərildi. Zəlzələdə həlak olan tələbələrin valideynləri də mətbuata açıqlamalarında təyyarə biletləri baha olduğundan tələbə övladlarının tətil müddətində Vətənə gələ bilmədiklərini söyləyib. Tətil müddətində bilet almağa maddi imkanı çatmayan tələbələrin nəşini isə onlar dağıntılar altında qalaraq həyatlarını itirdikdən sonra AZAL Vətənə pulsuz gətirdi.
Məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib ki, təyyarə biletlərində güzəştlər vacibdir. Onun sözlərinə görə, Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var.
Qırx bir mindən çox tələbənin problemi
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır. Amma xaricdə təhsil alanların sayı təkcə Türkiyədə təhsil alanlarla məhdudlaşmır. Hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır.
"Ən azı tələbələrə güzəştlər olunmalıdır"
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan tələbələrə bilet pullarında güzəştlər tətbiq edilməlidir:
Millət vəkili Vüqar Bayramov isə ən azı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılmalı olduğunu bildirib. Deputat deyir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçib:
Onun sözlərinə görə, bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan yalnız Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdirlər:
"Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə Azərbaycanlı tələbələrinin quru sərhəddən istifadəyə icazə verilməsi onların Vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olar".
V.Bayramov onu da vurğulayıb ki, xaricdə təhsil alan bütün tələbələrə bilet qiymətlərində endirim tətbiq olunmalıdır.
AZAL-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavab veriləcəyini bildirdilər.