RUSİYA

Rusiyanın bu regionunun istehsalçıları Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

İşgüzar missiyasının məqsədi Lipetsk vilayəti ilə Azərbaycan sahibkarları arasında uzunmüddətli ticarət və tərəfdaşlıq əlaqələrini gücləndirməkdir.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Rusiya Federasiyasının Lipetsk vilayətinin biznes dairələrinin istehsalçıları və nümayəndələri Bakıya işgüzar missiya ilə gələcəklər. "Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzi" qeyri-kommersiya təşkilatının birbaşa təşkilatçılığı ilə fevralın 21-də Azərbaycan şirkətləri və sahibkarlarının Rusiya regionunun işgüzar missiyasının nümayəndələri ilə B2B görüşləri keçiriləcək.
İşgüzar missiyasının məqsədi Lipetsk vilayətinin və Azərbaycanın sahibkarları arasında uzunmüddətli ticarət və tərəfdaşlıq əlaqələrini gücləndirmək, Xəzər dənizi regionu, Mərkəzi Asiya, Yaxın Şərq və MDB ölkələrinin bazarlarında fəaliyyət göstərən işgüzar dairələr, ticarət tərəfdaşları, investorlar, şirkət və təşkilatlarla əlaqələr yaratmaqdır.
"Lipetsk vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Fəaliyyət istiqamətləri metal emalı, kənd təsərrüfatı məhsullarının, sənaye yağlarının, tibbi alət və avadanlıqların istehsalı olan regionumuzun ixrac yönümlü müəssisələri xarici iqtisadi fəaliyyətin inkişafında maraqlıdırlar. Biz öz tərəfimizdən qarşılıqlı əlaqənin möhkəmləndirilməsi üçün bütün səyləri göstərmək niyyətindəyik", - deyə "Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzi"nin direktoru Anatoli Qoltsov Sputnik Azərbaycan-a bildirib.
Biznes missiyasında Rusiya regionunun ixrac satış kanallarını fəal şəkildə inkişaf etdirən altı müəssisəsi, o cümlədən metal konstruksiya zavodu və istilik və soyutma üçün enerjiyə qənaət edən sənaye sistemləri istehsal edən müəssisə iştirak edəcək. Özüyapışan və sürtkü yağları istehsalı ilə məşğul olan şirkətlər də öz məhsullarını təqdim edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.