TƏHSİL

Dövlət İmtahan Mərkəzi imtahanların qrafikini açıqlayıb

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalıdır.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ildə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının qrafiki elan olunub.
Dövlət qulluqçularının Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri nəzərə alınaraq Mərkəz tərəfindən martın 18-də daha bir imtahanın keçirilməsi qərara alınıb. İmtahana qeydiyyat tarixləri barədə yaxın günlərdə məlumat veriləcək.
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalı və sertifikatlarının bitmə tarixindən asılı olaraq imtahanlarda iştirak etməlidirlər. Verilən imtahan qrafikinə əlavə dəyişiklik nəzərdə tutulmur.
Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər:
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.