CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Deputat bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb.
Sputnik
BAKI, 17 fevral - Sputnik. Parlamentdə "Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsinə baxılıb.
Sənəd barədə deputat Vüqar İskəndərov məlumat verib.
Vüqar İskəndərov, arxiv şəkli
O bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb:

"Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə, tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda, həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər".

Qeyd edək ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb.
Anlaşma Memorandumu səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.