PAYTAXT XƏBƏRLƏRİ

Yeni piyada keçidi ilə piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub - VİDEO/FOTO

Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir
Sputnik
BAKI, 16 fevral — Sputnik. Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində, piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə yeni yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.
Keçid müasir görünüşü və bütün vətəndaşların rahat şəkildə istifadə etməsi üçün beynəlxalq standartlara cavab verir.
Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yerüstü piyada keçidi
Belə ki, keçiddə həm pilləkən hissə, həm də xüsusi mailliyi olan piyada pandusları inşa edilib. Xüsusi piyada pandusları hesabına isə keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkəti təmin olunur.
Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.
Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.
Keçiddən istifadə edən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə fasiləsiz videomüşahidə sistemləri qurulub, personalın real vaxt rejimində keçiddə baş verənləri izləmək üçün xidməti otaq inşa edilib.