DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden ABŞ-da defoltun qarşısını alacağına söz verib

ABŞ lideri qeyd edib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb və hazırda o, 31,4 trilyon dollara çatır.
Sputnik
BAKI, 16 fevral — Sputnik. ABŞ Prezidenti Co Bayden ölkənin defolt elan etməsinə icazə verməyəcəyinə söz verib.
Bu barədə "TASS" amerikalı liderin Merilend ştatında keçirilən tədbirdəki çıxışına istinadən xəbər verir.
O, ABŞ-ın defoltunun fəlakət olacağını söyləyib. Bayden hesab edir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Konqres heç bir şərt olmadan dövlət borcunun tavanının artırılmasını təsdiq etməlidir.
Eyni zamanda, ABŞ rəhbəri qeyd edib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb və hazırda o, 31,4 trilyon dollara çatır.
Daha əvvəl Konqresin büdcə idarəsi 2023-cü ilin iyul-sentyabr aylarında ABŞ-ın defolt riskinə diqqət çəkib. Onların fikrincə, dövlət borcunun limitləri qaldırılmasa, bu ssenarinin reallaşması qaçılmazdır. Bayden administrasiyası Konqres üzvlərini borclanma limitlərini tez və qeyd-şərtsiz artırmağa və ya dayandırmağa səsləyib.
Yanvarda ABŞ Konqresində Respublikaçılar partiyasının üzvləri ölkənin dövlət borcunun səviyyəsinin dollar ifadəsində sabit dəyərlə əlaqələndirilməsindən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Bunun əvəzinə onlar borc - ÜDM nisbətinə keçidi təklif edirlər. Qanunverici Brayan Fitspatrik 2008-ci ildə ABŞ-ın borcunun ölkənin ÜDM-nin, təxminən, 40%-ni təşkil etdiyini vurğulayıb. 2023-cü ildə bu rəqəm 125% təşkil edir.