CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir Dubayda Azərbaycanın inkişaf yolunu anladıb

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxış edib.
Sputnik
BAKI, 15 fevral — Sputnik. "Azərbaycanın xarici ticarəti ildən-ilə artır, xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb. Kənd təsərrüfatı məhsullarımızın ixracı 12 faizdən çox artıb".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaradılıb. Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın tənzimlənməsi, təminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Baş nazir diqqətə çatdırıb ki, Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin sayı 24-ə çatıb. Burada minlərlə vətəndaşa 360-dan çox xidmət təklif edilir.
"Ölkədə nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb. Azad edilmiş ərazilərdə minlərlə kilometr uzunluğunda avtomobil yolu, yüzlərlə kilometr uzunluğunda dəmir yolu istfadəyə verilib", - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
Sammit "Gələcəyin hökumətlərini formalaşdırmaq" devizi altında keçirilir. Sammit gələcək hökumətləri formalaşdırmaq üçün lazım olan alətləri, siyasətləri və modelləri bölüşmək və inkişafına töhfə vermək üçün dünyanın hər yerindən iştirakçıları bir araya gətirib.