"Mən etiraf edirəm ki, bunda mənim də payım var. İndi o insanlara ciddi proqramı, maarifləndirici mövzuda olan verilişi təqdim edəndə, baxmaq istəmirlər. Təəssüf ki, biz zamanında bərbad etdik. Gətirdik qoyduq ki, bu reytinq gətirir, pul gətirir. Tamaşaçı da ona öyrəşdi, televiziya da. Televiziya gördü ki, həmin məhsul pul gətirir - nə gözəl... Tamaşaçı da o bayağılığa öyrəşdi. Həmin reytinq də kəfən ipi kimi boğazımızdan yapışıb. İçi mən qarışıq, bunun qurbanına çevrilmişik. Mən jurnalistəm, gedib nə ginekoloq, nə stomotoloq ola bilərəm. Mən məcburam deyilənləri etməyə. Bizim bir zamanlar verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib. İndi isə nə qədər çalışsaq da, maarifləndirici proqramlar hazırlasaq da, tamaşaçı deyir ki, "mən bunu istəmirəm. Mənə əvvəlki şounu, bayağılığı istəyirəm".
"İndi mən maarifləndirici proqram təqdim edəndə reytinq aşağı düşür. Televiziya da deyir ki, reytinqin yoxdur, maaş almayacaqsan. Mənim çıxış yolum nədədir? Mənim çıxış yolum odur ki, bir zamanlar tamaşaçılara yedirtdiyim şorbadan yenə də bişirim gətirim. Çünki, həmin şorba satılır bazarda".
"Media kapitanları dediklərimiz televiziya mütəxəssisləri oturub bir format düşünməlidir. Bu olmadığı halda, televizyalar getdikcə uçuruma gedəcək. Televiziya həm də biznes sahəsidir. Xüsusən də özəl televizyalar. Mən onları da qınamıram. Çünki, onların pulu da sponsordan gəlir. Sponsor da görür ki, Məmmədin verilişi qalmaqallıdır, Rövşanənin maarifləndirici verilişinə pul qoymaqdansa, Məmmədin verilişinə pul qoyum. Çünki, Məmmədin verilişi reytinqlidir. O cür veriliş pul gətirdiyinə görə Məmmədlərin sayı artır, televiziyanı hörümçək toru kimi ələ alır. Amma vaxt var idi ki, biz televiziyadan maariflənirdik, danışıq öyrənirdik. İndi isə xaos yaranıb. Kim necə istəyir, hansı ləhcədə istəyir danışır".
"Onların gətirdiyi auditoriyanı heç bir ciddi xəbər proqramı gətirməyəcək. Tok-şou olmaldır. Amma tok-şounun aparıcısının özünün intelektual səviyyəsi yeksək olmaldır. Bizdə tok-şouları aparan aparıcıların səviyyəsi sıfırdır. Həmin proqramlara balaca bir uşağı gətirirlər, atasını gətirirlər, deyirlər ki, DNT testi olacaq. Baxın görün, jurnalist kodeksi nə qədər pozulur. Bir uşağın həyatı alt-üst olur. Aparıcılar özləri bilirmi ki, reytinq nədir? İslahatlar gedir, dövlət addımlar atır. Məgər onlar jurnalistin də yerinə işləməlidir?"
"Aparıcının efirdə hansısa ləhcə ilə danmışması yolverilməzdir. Pakistanlı da, nigeriyalı da, əfqanistanlı da, amerikalı da ingilis dilində danışır. Hərəsi bir ləhcədə danışır. Bu, ingilis dilini öldürə bilərmi? - Xeyr. Amma Azərbaycan dili ölə bilər, ləhcələr onu öldürə bilər. Çünki, özümüz elə də böyük dövlət deyilik. Əhalimizin sayı da çox deyil. Ona görə də televeziyada çalışan hər kəs dilin qorunmasında maraqlı olmaldır. Televiziyanın işi maarifləndirməkdir, dağıdıcılıq deyil. Təəssüf ki, bu gün televizyalarımız dağıdıcı rol oynamağa başlayıb. Televiziyalar insanların həyatını məhv edir".