BAKI, 14 fevral — Sputnik. Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-15 fevral tarixlərində ölkəmizdə işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Özbəkistan Respublikasının nəqliyyat nazirinin müavini Abdusamat Muminovun həmsədrliyi ilə iki ölkə arasında nəqliyyat və tranzit yük daşımaları üzrə birgə işçi qrupunun ilk iclası keçirilib.
Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Azərbaycan-Özbəkistan nəqliyyat və tranzit daşımaları üzrə işçi qrupun ilk iclası olub
© Sputnik
İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən 6 ölkənin (Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan) dəmir yolu qurumlarının iştirakı ilə yaradılmış CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yük daşımaların həcminin artırılması, daşıma şərtlərinin yaxşılaşdırılması və infrastrukturun inkişafı ilə bağlı məsələlər müzakirə edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur Dəhlizinin region ölkələri, ilk növbədə türkdilli ölkələr üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı qarşı tərəfə məlumat verilib.
Nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və "Azərbaycan Dəmir Yolları" QSC-də olub.
Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin səfər çərçivəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Bakı Gəmiqayırma Zavodunda da görüşlər keçirməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.
Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.