BAKI, 14 fevral — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub. Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10 nöqsan aşkara mıxarılıb.
Bundan əlavə, aparılan araşdırmalar nəticəsində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1 nöqsan da üzə çıxıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.