BAKI, 12 fevral - Sputnik. “Türk xalqına, Türkiyəyə bu zəlzələdə həyatını itirənlərə görə başsağlığı verirəm”.
Bunu Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias deyib. O bildirib ki, Yunanıstandan gələn axtarış xilasetmə qrupları tərəfindən 205 nəfər sağ olaraq xilas edilib:
“Yunanıstan hökumətinin türk xalqına verdiyi dəstək bununla bitməyəcək. Həm ikili münasibətlərdə, həm də Avropa Birliyi çərçivəsində bu çətin günlərin keçməsi üçün əlimizdən gələni edəcəyik. Burada mənim vətəndaşlarımın türk xalqına verdiyi dəstəyə görə son dərəcə qürurluyam”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə öz növbəsində deyib ki, Nikos Dendiasın bu gün burada olması Yunanıstanın Türkiyə ilə həmrəyliyini göstərir.
O bildirib ki, zəlzələ baş verəndə ilk zəng edən və yardım təklif edən ölkələrdən biri də Yunanıstan olub:
“İlk andan etibarən yunan xilasetmə və axtarış qrupları burada çalışırlar. Yaxşı qonşuluq belə günlərdə bəlli olur. Münasibətlərimizi inkişaf etdirmək üçün başqa bir zəlzələni və təbii fəlakəti gözləmək lazım deyil. Ümid edirəm fikir ayrılığımız olan məsələləri də danışıb həll edərik. Bütün yunan xalqına bu çətin günlərdə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.
Yunanıstanın xarici işlər naziri Dendias zəlzələ bölgəsini ziyarət etmək və xarici işlər naziri Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gəlib. Nazirlər birlikdə zəlzələdən zərər çəkmiş Hatay bölgəsini ziyarət ediblər.