BAKI, 10 fevral — Sputnik. Rusiyadakı Azərbaycan diasporu və fərdi şəxslər tərəfindən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə 282600 min manat məbləğində yardım göstərilib.
8 təşkilat, 2 icmanın ianə etdiyi vəsaitin 51000 manatı nağd, 231600 manatı isə humanitar yardım şəklində istifadə edilib.
Yardım edənlər Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti, Pyotiqorsk şəhəri "Araz" Milli-Mədəni Muxtariyyəti, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi, Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz Bazarında çalışan azərbaycanlı iş adamları, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyəti, "Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu" Regional İctimai Təşkilatı, "Ural-Azərbaycan" Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı, Azərbaycan İcmaları Konqresi, Ukraynanın Lvov şəhərindəki Azərbaycan icmasının üzvləri olublar.