RUSİYA

Neytral statusun ləğvi milli təhlükəsizliyinə zərbə vurmaq demək olacaq - RF XİN

Moldova vətəndaşlarının və siyasi qüvvələrinin əhəmiyyətli hissəsi Rusiya və digər MDB ölkələri ilə sıx əlaqələr saxlamağın tərəfdarıdır.
Sputnik
BAKI, 10 fevral — Sputnik. Qərb və Kiyev Kişinyovu neytrallıqdan əl çəkməyə sövq edir, bu, Dnestryanı nizamlanmasına son qoyacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk Diplomatlar Günündə RİA Novosti-yə müsahibəsində bildirib.
"Təəssüf ki, biz Qərbin və Kiyevin Kişinyovu ölkə Konstitusiyasında təsbit olunmuş bitərəf statusdan imtina etməyə necə sövq etdiyini görürük. Bir müddət əvvəl Ukraynanın özündə də eyni şey baş vermişdi, Moldova da bu gün onun izi ilə gedir", - o qeyd edib.
Diplomatın sözlərinə görə, bitərəf status həmişə respublikanın təhlükəsizliyinin və daxili sabitliyinin təminatı olub və qalır.
O xatırladıb ki, Moldova vətəndaşlarının və siyasi qüvvələrinin əhəmiyyətli hissəsi Rusiya və digər MDB ölkələri ilə sıx əlaqələr saxlamağın tərəfdarıdır.
"Neytral statusun ləğvi ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq demək olacaq", - o əlavə edib.
Polişçuk hesab edir ki, neytrallığın ləğvi Dnestryanı nizamlanmasına son qoyacaq, çünki Dnestryanı sakinləri özlərini Rusiyaya qarşı çıxan ittifaqlarla görmürlər. Son nəticədə Moldovanın neytrallığı rədd etməsi Kişinyovdakı o qüvvələrin əlinə oynayır ki, onlar bəyanatların əksinə olaraq Dnestryanı problemin güc yolu ilə həllinin tərəfdarıdırlar", - o qeyd edib.
"Biz həmişə moldovalı həmkarlarımızı Qərb "tərəfdaşları" tərəfindən verilən təlimatlara obyektiv və praqmatik yanaşmağa çağırmışıq. Təcrübə göstərir ki, onlar Qərbin öz maraqlarının təmin edilməsinə yönəlib, sülh və sabitliyin qorunması ilə heç bir əlaqəsi yoxdur", - diplomat fikirlərini yekunlaşdırıb.