İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyi istixana sahiblərinə müraciət edib

Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq.
Sputnik
BAKI, 10 fevral — Sputnik. İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları hesabatlarını fevral ayının 15-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etməlidirlər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı ilə 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanla təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları EKTİS-də "Tədarükçü modulu"nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.
Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyatı üçün modullar yaradılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti tədarükçü və istehsalçı olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci il üzrə yekun və cari ilin yanvar ayı üzrə müvafiq hesabatları fevral ayının 15-nə qədər EKTİS-də (https://eagro.az/) təqdim edilməlidir.
Həmçinin, Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq.
EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə də müraciət edə bilərlər.