BAKI, 10 fevral - Sputnik. "Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas prioritet insan amilidir: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.
“İndi əsas problem kənardan gələn maşınların yaratdığı tıxacdır”, - Ərdoğan bildiib.
O deyib ki, yardım kampaniyası koordinasiyalı şəkildə həyata keçirilməlidir:
“AFAD-ın hesablarına köçürülən məbləğlər bütünlüklə zəlzələdən zərərçəkmişlərə ayırılacaq. Buna şübhəniz olmasın".
Ərdoğanın sözlərinə görə, artıq lazımi təlimatlar verilib: “Yenidənqurma işləri sürətlə başlayacaq. Bir tərəfdən də dağıntıları aradan qaldırmağa çalışırıq".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.