“Faktiki olaraq Avropa İttifaqının Şarl Mişelin moderatorluğu ilə və əslində bu vasitə ilə Birləşmiş Ştatların və Qərbin prosesdə müəyyən rol alması hansısa bir paralel müstəvi yaratsa da, amma danışıqların müəyyən nəticəsi olmalı idi. Ermənistan yaranmış şəraitdə heç bir alternativin olmadığını görürdü. Amma ötən ilin ortalarında Ermənistanın davranışları bütünlüklə dəyişdi. Qərb açıq şəkildə prosesdə öz şərtlərini diqtə elədi. Onlar hesab edirlər ki, 2020-ci ildə baş vermiş müharibənin nəticələri Qərbin regiondakı maraqlarına zərbə vuraraq, onları regiondan sıxışdırıb çıxarır. Bu baxışlarda müəyyən həqiqət var. Savaşın Azərbaycanın qələbəsi ilə başa çatması bir çox dövlətlərin planlarına zidd idi. Bu savaş həmin ölkələrin uzun on illər ərzində regionda formalaşdırdığı geosiyasi arxitekturanı darmadağın etdi. Azərbaycan ordusunun hərb meydanında qazandığı qələbəni diplomatiya da uğurla davam etdirir”.
“Rusiya Qərbin ağır sanksiyaları altında Ukraynada əməliyyatları davam etdirir. Ermənistan bu vəziyyətən istifadə edib demarşlar etməyə çalışır. Amma Azərbaycan tərəfi ötən ilin sonlarında öz ərazilərində suveren haqlarından imtina etməyəcəyini, bununla da Qarabağa hər hansı status verilməyəcəyini də göstərdi. Burada Vardanyan kartı da işə yaramadı. Mediada yayılan məlumatlara görə, o da Xankəndini tərk edib. Bu belə bir versiyanı irəli sürməyə imkan verir ki, artıq Qərbin Fransanın törədiyi təxribatlar fonunda danışıqlarda dominant olmaq niyyəti də zərbə alıb. Bu da danışıqların yenidən Rusiyanın moderatorluğu ilə davam edəcəyini göstərir”.