BAKI, 9 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,15 dollar artaraq 85,24 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,1 dollar bahalaşaraq 78,57 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 0,99 dollar artaraq 86,33 dollar olub.
Qeyd edək ki, neft bazarında nisbətən sakitlik hökm sürür. ABŞ Mərkəzi Bankı (FED) rəsmilərinin yeni faiz artımları ilə bağlı çıxışları dolları gücləndirib və narahatlıqları artırıb. Digər tərəfdən, ABŞ-ın neft ehtiyatları ardıcıl yeddinci həftədir ki, artıb.
ABŞ-da faiz dərəcələrinin yüksəlməsi ehtimalı neft bazarına mənfi təsir göstərir. Çünki iqtisadi aktivliyin azalması tələbi aşağı salır.
Bununla yanaşı, Çində tələbin bərpası və Türkiyə və Suriyada baş verən zəlzələ bu həftə neft qiymətlərində güclü artıma səbəb olub. Bu həftənin əvvəlində Beynəlxalq Enerji Agentliyi bu il Çində tələbin güclü bərpası ilə bağlı proqnozunu təkrarlayıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.