BAKI, 8 fevral - Sputnik. "Dünyada, o cümlədən Ukrayna istiqamətində münaqişə potensialının olması Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır". Bunu Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Kremldə Əfqanıstan məsələsi üzrə müxtəlif ölkələrin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya cənub sərhədləri boyunca yeni gərginlik nöqtələrinin yaranmasını istəmir.
"Aydındır ki, bu gün dünyada çoxlu münaqişə potensialı var, çoxlu münaqişələr var və biz Rusiyadan, o cümlədən Ukrayna istiqamətində də uzaq deyilik. Biz bunu çox gözəl başa düşürük, bilirik. Amma bu, Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır. Bizim üçün bu, həmişə vacib olub, bu gün də ikiqat vacibdir, çünki cənub sərhədlərimizin yaxınlığında başqa gərginlik nöqtələrinin yaranmasını istəmirik”, - deyə Putin bildirib.
Bundan əvvəl Moskvada təhlükəsizlik şuraları katiblərinin Əfqanıstan problemi üzrə beşinci çoxtərəfli görüşü keçirilib.
Tədbirdə Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistandan təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Rusiyanı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edib.
Beşinci çoxtərəfli görüşün iştirakçıları Əfqanıstandakı vəziyyətin nizamlanmasına diqqət yetirməklə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xüsusilə, Patruşev bildirib ki, Əfqanıstan hakimiyyəti hazırda ABŞ-ın buraxdığı xaosun nəticələrini yaşayır və ölkədə vəziyyət sürətlə pisləşir.