AZƏRBAYCAN XƏBƏRLƏRİ

Türkiyəyə edilən yardımlardan ƏDV tutulmur - Dövlət Vergi Xidməti

Azərbaycan Banklar Assosiasiyasının sədri deyib ki, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-1.2 Çağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev APA-ya açıqlamasında deyib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı birgə qərara gəlib.
Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə çatıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.