DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədəki zəlzələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib

Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edib. ÜST Türkiyədə baş verən zəlzələ üçün ən yüksək səviyyə olan "3-cü dərəcəli fövqəladə vəziyyət" elan edib.
Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir və ÜST-nin bütün agentlik aktivlərinin səfərbər edilməsinə aiddir.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə yola düşüb.
Fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.