BAKI, 6 fevral — Sputnik. Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə ixrac əməliyyatları davam etdirilir.
Bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
"Kəmərə heç bir zərər dəyməyib. Onun vasitəsilə ixrac əməliyyatları davam edir və neft Ceyhan terminalında olan çənlərə toplanılır", - Tamam Bayatlı qeyd edib.
Onun sözlərinə görə, Ceyhan terminalının tankerlərə neft yüklənilən hissəsində neft sızması aşkarlanması səbəbindən neftin gəmilərə doldurulması müvəqqəti olaraq dayandırılıb.
Tamam Bayatlı onu da əlavə edib ki, sızma artıq aradan qaldırılıb və müvafiq araşdırma və qiymətləndirmə işləri aparılır. Bu işlər bitəndən sonra terminaldan gəmilərin yola salınması bərpa ediləcək. Şöbə müdiri bu prosesin nə zaman bərpa olunacağı vaxtı açıqlamayıb. (APA)
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda əsasən "Azəri-Çıraq Günəşli"dən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunmağa davam edir.
Xatırladaq ki, bundan öncə "Bloomberg" agentliyi məlumat yayıb ki, Türkiyənin Ceyhan terminalına neftin ixracı dayandırılıb. Bu addımın Adana vilayətində də hiss edilən zəlzələyə görə təhlükəsizlik məqsədilə atıldığı bildirilib. Ərazidəki neft kəmərlərində sızma hallarının qeydə alınmadığı deyilib.
Bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyinin 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayının 1498-ə, yaralıların sayı isə 8 533-ə yüksəldiyi açıqlanıb.