BAKI, 6 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İraqın paytaxtı Bağdadda baş verən zəlzələ zamanı keçirdiyi hisslərdən danışıb.
"Gecə Bağdadda da zəlzələ hiss olunub. Bu, işgüzar səfərlərdə olur. Bu gün uzun sürən dalğalanma hiss olunurdu. Təkan yox, bir neçə dəqiqə davam edən dalğalanma", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi "Telegram" kanalında yazıb və həmçinin qeyd edib ki, o zaman dalğalanma "daha yüngül formada" təkrarlanıb.
Xatırladaq ki, fevralın 6-da bazar ertəsi səhər tezdən Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Nəticədə ölkənin bir sıra şəhərlərində binalar dağılıb. Baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub.
Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb. Bundan əlavə, Suriyanın bir sıra bölgələrində dağıntılar, həmçinin Livanda da yeraltı təkanlar qeydə alınıb.