BAKI, 6 fevral — Sputnik. İtaliyanın Mülki Müdafiə Departamenti Türkiyədə baş verən güclü zəlzələdən sonra ölkənin cənub sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edib. Məlumatda sahil zonalarından uzaqlaşmaq və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunur.
Milli Geofizika və Vulkanologiya İnstitutunun Sunami Xəbərdarlıq Mərkəzinin hesablamalarına görə, böyük su hövzələrinin sürətli hərəkəti nəticəsində yaranan dalğalar bu gün səhər tezdən İtaliyanın cənubuna, xüsusən də cənub Kalabriya, Puqlia və Siciliya sahillərinə çata bilər.
Xatırladaq ki, Tüürkiyənin Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində 7,4 bal gücündə zəlzələ 7 km dərinliyində baş verib. İtaliyanın Mülki Müdafiə Departamenti zəlzələni 7,9 bal gücündə qiymətləndirib. Yeraltı təkanlar müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada yarım dəqiqə ərzində hiss olunub. Dağıntı eyni anda bir neçə vilayətdə - Adana, Qaziantep, Diyarbəkir, Kahramanmaraş, Malatya, Şanlıurfada qeydə alınıb. Son məlumatlara görə, 76 nəfər həlak olub, 500-dən çox insan yaralanıb, 100-dən çox yaşayış binası, o cümlədən çoxmərtəbəli yaşayış binaları dağılıb.