RUSİYA

Putin Ərdoğana zəng edib: Kömək etməyə hazırıq!

Türkiyə Prezidenti operativ reaksiyaya görə Putinə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib.
Sputnik
BAKı, 6 fevral - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Ərdoğana başsağlığı verib və kömək etməyə hazır olduğunu təsdiqləyib.
Türkiyə Prezidenti operativ reaksiyaya görə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çoxsaylı zəlzələ qurbanları ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Məktubda Rusiya prezidenti Moskvanın lazımi yardımı göstərməyə hazır olduğunu qeyd edib.
"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərimizi çatdırın. Baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq. Biz bununla bağlı lazımi yardım göstərməyə hazırıq", - məlumatda deyilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.
Son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1498-ə, yaralıların sayının isə 8 533-ə yüksəldiyi açıqlanıb. 2834 bina dağılıb.
SİYASƏT
Ərdoğan İlham Əliyev və Azərbaycan xalqına minnətdarlığını bildirib