CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı tələbələr Türkiyədə dağıntılar altında qalıblar - Fotolar

Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntıların altında qalıb.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altında qalıblar. Sputnik Azərbaycan Azxeber.com-a istinadən xəbər verir ki, Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntıların altında qalıb. Həmin tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Həmin tələbələrin fotolarını təqdim edirik.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Türkiyənin zəlzələ baş verən ərazilərində nə qədər azərbaycanlı tələbənin təhsil aldığını söyləmək çətindir. Çünki bununla bağlı hər hansı araşdırılma aparılmayıb. C.Valehov bildirib ki, Türkiyədə azərbaycanlı tələbələrlə bağlı iş aparılır: "Bizim səfirliyimizin təhsil üzrə müşavirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx təmasdadır. Bütün proseslər XİN üzərindən nəzarətdə saxlanılır".
Qeyd edək ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 7003-ə çatıb.
Kahramanmaraşda 191, Qaziantepdə 200, Şanlıurfada 27, Diyarbəkirdə 41, Adanada 43, Adıyamanda 20, Osmaniyedə 131, Hatayda 250, Kilisdə 13 və Malatyada 98 nəfər olmaqla 1014 insan həyatını itirib. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Malatya, Osmaniye, Hatay və Kilisdə 7003 nəfər yaralanıb. Son məlumata görə, zəlzələ nəticəsində 1014 nəfər həlak olub.