BAKI, 6 fevral — Sputnik. ABŞ Suriyada odla oynamağa davam edir, kürd separatizmini təşviq edir və bu, Suriyanın özü və regionun digər ölkələri üçün təhlükə yaradır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəyə səfəri zamanı İraqın xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransında deyib.
"Amerikalı həmkarlarımız Suriya Ərəb Respublikasının ərazi bütövlüyünə, eləcə də bu cür hərəkətlərin kürd əhalisi olan regionun digər ölkələri üçün yaratdığı risklərə məhəl qoymadan, kürd separatizmini hər cür təşviq edərək odla oynamaqda davam edirlər", - deyə Lavrov bildirib.
Rusiyalı diplomat vurğulayıb ki, Rusiya Astana formatında müşahidəçi rolunu nəzərə alaraq İraqla qarşılıqlı əlaqəni davam etdirəcək.
"İraq müşahidəçi qismində iştirak edir, biz bunu çox faydalı hesab edirik. İordaniya və Livan da eyni rolda çıxış edirlər", - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.
Onun sözlərinə görə, Rusiya İraq hökumətinin təhlükəsizliyinin təmin edilməsini və terrorizmə qarşı mübarizədə səylərini tam dəstəklədiyini bildirib.
Nazir həmçinin qeyd edib ki, amerikalıların tətbiq etdiyi qeyri-qanuni məhdudiyyətlər şəraitində digər etibarlı ölkələrin valyutaları ilə neft tədarükünün ödənilməsi də daxil olmaqla ödəməyə keçməklə qanuni iqtisadi münasibətləri Qərbin qeyri-qanuni təzyiqlərindən qorumaq vacibdir.
Lavrov iraqlı həmkarını növbəti dəfə Rusiyaya səfərə dəvət edib.