RUSİYA

ABŞ-ın özünü necə aparacağı sualı açıq qalır - Ryabkov

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Çin Birləşmiş Ştatların ərazisi üzərində aşkar edilən hava şarı ilə bağlı situasiyada özünü mümkün qədər məsuliyyətli aparacaq.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Moskva əmindir ki, Çin Birləşmiş Ştatların ərazisi üzərində aşkar edilən hava şarı ilə bağlı situasiyada özünü mümkün qədər məsuliyyətli aparacaq, lakin Vaşinqtonun bundan sonrakı addımları ilə bağlı sual açıq qalır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Mən əminəm ki, çinli həmkarlarımız ən məsuliyyətli xətti izləyir və bir çox məsələlərdə də gördüyümüz kimi, həmişə dialoqa və fikir mübadiləsinə hazırdırlar. ABŞ-ın özünü necə aparacağı isə açıq sualdır. Biz görəcəyik", - Ryabkov deyib.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin təsdiqləmişdi ki, prezident Co Baydenin tapşırığı ilə şənbə günü ABŞ hava məkanındakı Çinə məxsus hava şarını vurublar. Pentaqon rəhbərinin sözlərinə görə, bu cihaz strateji obyektlərin müşahidəsi üçün istifadə edilib.
Hava şarı Aleut adalarından Kanada ərazisindən keçərək Montana ştatına çatıb. Balonun hərəkəti Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən izlənilib. ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərini təxirə salıb. Çin də öz növbəsində vəziyyətlə bağlı əsassız fərziyyələri və ittihamları qəbul etmədiyini bildirib.