BAKI, 5 fevral — Sputnik. İranın bir sıra məsələlərdə hazırkı mövqeyi onunla nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir. Bunu “El Pais” qəzetinə müsahibəsində Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosep Borrel deyib.
“Razılaşma ilkin olaraq yaxşı nəticə versə də, ABŞ sazişdən çıxdı. Sonradan İran hər hansı razılaşmanın əldə olunmasını çətinləşdirən mövqe tutdu. Daxili etirazlara, xüsusən də qadınlara qarşı basqı və təzyiq, ölüm hökmünün tətbiqi elə bir mühit yaradıb ki, nüvə sazişi getdikcə çətinləşir”, - Borrell bildirib.
Diplomat əlavə edib ki, hazırda müqavilə dondurulub.
2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranın nüvə fəaliyyəti ilə bağlı böhranın aradan qaldırılması üçün İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar.
ABŞ-ın eks-prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.