BAKI, 3 fevral — Sputnik. Artıq "Azərişıq" ASC-nin abonentləri onlayn şəkildə ad dəyişmə xidmətindən istifadə edə biləcəklər.
Bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov bu gün keçirilən mətbuat konfransında deyib.
Q.Həmidov bildirib ki, bu xidmət üzrə abonentlərin müraciəti artıb. Monitorinqlərin nəticəsinə görə, ay ərzində abonentlər 2000-ə yaxın ad dəyişmək üçün müraciət edib. Belə müraciətlər adətən əmlakın sahibi dəyişdiyi zaman baş verir:
"Bu xidmətdən yararlanmaq üçün abonentlər mərkəzlərə üz tuturdu. Amma biz onların işini asanlaşdırmaq üçün ad dəyişmə xidmətinin də onlayn göstərilməsinə qərar verdik. Nəticədə abonent evdən çıxmadan onlayn şəkildə bu xidmətdən yararlana bilər".
"Azərişıq" rəsmisi təmsil etdiyi qurumun təqdim etdiyi əsas xidmətlərin hamısının əlçatanlığı üçün işlər görüldüyünü əlavə edib:
"Abonentlərin ən çox istifadə etdiyi xidmətlərdən biri də abonent kodunun aktiv-passiv edilməsi xidmətidir. Belə ki, abonent əgər 3-4 aylıq harasa səfər edəcəksə, onlayn şəkildə müraciət etdikdə biz bu xidməti göstərə bilərik".