BAKI, 2 fevral — Sputnik. Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycandan olan həmkarları ilə görüşündə üçtərəfli əməkdaşlıq formatını, həmçinin birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib. Bu barədə cümə axşamı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Cuanşer Burchuladze, Türkiyənin müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Üç ölkənin hərbçilərini daha da yaxınlaşdıran birgə hərbi təlimlərin əhəmiyyətinə diqqət yetirilib və bunun ölkələr arasında əlaqələri möhkəmləndirdiyi qeyd edilib", - deyə məlumatda bildirilib.
Bildirilib ki, Burçuladze, Akar və Həsənov bir daha üçtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıblar və bunun regionda təhlükəsizlik və sabitliyə xidmət etdiyini açıqlayıblar.
Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.