Milli Azərbaycan Tarixi Muzeyinin, Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümov Sputnik Azərbaycan-a Stalinqrad döyüşündəki qələbənin əhəmiyyətindən, İkinci Dünya Müharibəsinin gedişinə təsirindən və bu qanlı döyüşlərdə iştirak edən Azərbaycan övladlarının şücaətindən bəhs edib.
Mövsümov qeyd edib ki, Stalinqrad uğrunda döyüşlər 1942-ci ilin iyul ayının 16-da başlayıb 1943-cü ilin fevral ayının 2-də başa çatıb.
Tarixçi xatırladıb ki, bu müharibədə Sovet ordusunun tərkibində yaşayan müxtəlif xalqlar kimi, azərbaycanlılar da iştirak edib.
"Bu qələbənin qazanılmasında Azərbaycanın, eləcə də Azərbaycan xalqının böyük payı var", - Mövsümov deyib.
Qeyd edək ki, 1500-dən çox Azərbaycan vətəndaşı "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilib.
Stalinqrad uğrunda döyüşlərdə polkovnik-leytenant Həzi Aslanovun komandanlığı altında 55-ci tank diviziyası, hərbi pilotlar Nuru Əliyev və kapitan Züleyxa Seyidməmmədova, pulemyotçu Əbdül Rəcəbov, leytenant Abdulla Axundov, snayper Baloğlan Abbasov və digər qəhrəmanlar fəal iştirak ediblər.
Azərbaycanlı general Yaqub Quliyev Stalinqradın yaxınlığındakı hücum əməliyyatında iştirak edib. O, döyüşdə qəhrəmancasına həlak olub və ölümündən sonra Lenin ordeni ilə təltif edilib.
"Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadə Stalinqrad döyüşlərində, Xalac kəndində əsir düşüb. Eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da Stalinqradda düşmən tanklarının darmadağın edilməsində böyük şücaət göstərib", - tarixçi bildirib.
Onun sözlərnə görə, Stalinqrad uğrunda Həmzə Sadıqovun qəhrəmanlığı isə dillərə dastandır: "Onun rəhbərlik etdiyi kiçik kəşfiyyat dəstəsi Hitlerin sevimli generalı fon Rodenburqu əsir alıb. Bununla Hitler ordusunun döyüş planı ələ keçmiş, kəşfiyyat məlumatları əldə edilmişdi. Bu məlumatlar Sovet kəşfiyyatına ötürüldükdən sonra Stalinqradda hitlerçilər böyük məğlubiyyətə uğradı. Həmzə Sadıqov Sovet İttifaqı Qəhrəmanı adı almağa layiq olsa da, Kremldəki erməni havadarlar bunun qarşısını aldılar".