BAKI, 2 fevral — Sputnik. Rusiyanın Almaniyadakı səfirliyi ötən ilin mayında RİA Novosti jurnalistlərinin yaşadığı evə hücumla bağlı bir rusiyalının saxlanılmasına dair məlumat almayıb.
Çərşənbə günü axşam "Deutsche Welle" (Rusiya Federasiyasında xarici media agenti kimi tanınan DW, televiziya və radio şirkəti) rusiyalı fəal Dmitri B.-nin ötən il mayın 6-da Rusiyanın RİA Novosti xəbər agentliyinin jurnalistləri və onların ailələrinin yaşadığı binada yanğın törətməyə cəhddə şübhəli bilinərək Berlində saxlanıldığını bildirib.
Qeyd olunur ki, fəal hazırda Almaniya paytaxtında istintaq təcridxanalarından birində saxlanılır. "Rossiya Seqodnya" media qrupunun nümayəndəliyinin məlumatına görə, söhbət Dmitri Baqraşdan gedir. Berlin prokurorluğunun nümayəndəsi bildirir ki, istintaq sirri olduğuna görə bu işlə bağlı hər hansı şərh və ya məlumat verilmir.
"Almaniya hüquq-mühafizə orqanları Rusiya səfirliyinə rusiyalının saxlanması barədə məlumat verməyib", - deyə diplomatik nümayəndəlikdən RİA Novosti-yə bildiriblər.
Eyni zamanda, Baqraşın özü sosial şəbəkələrdəki səhifələrində rus olduğunu iddia etsə də, bunun təsdiqi yoxdur.
Ötən il mayın 6-da Berlinin qərbində RİA Novosti jurnalistlərinin və onların ailələrinin yaşadığı binaya hücum edilib. Pəncərələrdən biri sındırılıb, əraziyə baxış keçirilərkən ventilyasiya yuvasında naqilləri olan bidon aşkar edilib. Polis sakinləri təxliyə edib, istehkamçılar cihazı zərərsizləşdirib. Almaniya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb, Berlin prokurorluğu və dövlət təhlükəsizlik idarəsi işə cəlb edilib.