BAKI, 2 fevral — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələri ərzaq təhlükəsizliyi sahəsində vahid siyasət yürütməli, ümumi enerji bazarlarının yaradılması ilə bağlı qərarlar qəbul etməli, dost olmayan ölkələrin valyutalarından istifadə zamanı yaranan riskləri azaltmalıdır.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
"Ərzaq təhlükəsizliyi sahəsində vahid siyasətin aparılması vacibdir. Biz ümumi enerji bazarlarının yaradılması ilə bağlı birgə qərarlar qəbul etməyi davam etdirməliyik", - Avrasiya Hökumətlərarası Şurasının dar tərkibdə keçirilən iclasında Mişustin deyib.
"Biz birlikdə qeyri-dost ölkələrin valyutalarından istifadə nəticəsində yaranan iqtisadi riskləri azaltmalı, işgüzar mühiti yaxşılaşdırmalıyıq", - deyə o, əlavə edib.
Xatırladaq ki, Mixail Mişustin Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına qatılıb. O, həmçinin illik Rəqəmsal Almatı forumunun işində iştirak edəcək.
Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.
Fevralın 3-də Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri illik Rəqəmsal Almatı forumunun plenar iclasında iştirak edəcəklər. Ənənəvi olaraq forumda tanınmış siyasi və ictimai xadimlərin, iri rəqəmsal şirkətlərin rəhbərlərinin, İT biznes liderlərinin və rəqəmsal sənaye ekspertlərinin iştirakı gözlənilir.
Avrasiya İqtisadi İttifaqı Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. İndi Aİİ üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.